Meliorasiya və Su Təsərrüfatı (Azərbaycan)
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır.
5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub.
ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.
== Haqqında ==
Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır.
O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.
== Fəaliyyəti ==
"Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.
"Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.